Nazir: “Ermənistan təxribatlar törətməklə danışıqları pozmaq siyasətini yürüdür”

Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə mövcud “status- kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq onun substantiv danışıqlar yolu ilə dəyişdirilməsinin vacibliyi vurğulanıb. E. Məmmədyarov münaqişənin həllində irəliləyişə nail olmaq üçün hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir diqqəti Ermənistanın təmas xəttində törətdiyi son təxribatlara çəkərək Ermənistanın məqsədyönlü şəkildə bu kimi təxribatlar və vəziyyəti gərginləşdirmək yolu ilə danışıqlar prosesini pozmaq siyasətini yürütdüyünü qeyd edib.